İMİŞLİDƏ SSRİ BAYRAĞI VƏ “GEORGİYEV LENTİ” – Rayonda rusiyasayağı “Qələbə paradı”ını kim təşkil edib? + VİDEO
Təbii ki, Hitler faşizminə qarşı müharibədə Azərbaycan xalqının böyük itkilər verdiyini, qəhrəmanlıq, fədakarlıq göstərdiyini nəzərə alsaq, 9 mayın ölkəmizdə xüsusi qeyd edilməsində qeyri-adi heç nə yoxdur. Əksinə, bununla da həmin savaşda həlak olan həmvətənlərimizin ruhu yad edilmiş, onlara ehtiram göstərilmiş olur və sair. Lakin İmişlidə bir neçə gün əvvəl 9 mayla bağlı keçirilən və sosial şəbəkələrdə görüntüləri yayımlanan tədbir bütün əndazələri aşıb. Sanki bu tədbir Azərbyacnda deyil, SSRİ-nin bərpası həsrətilə alışıb yanan Rusiya vilayətlərinin birində keçirilir. Ərazi SSRİ bayraqları ilə “bəzədilib”, tribunanın üzərində qırmızı SSRİ bayrağı dalğalanır. O SSRİ bayrağı ki, məsələn, 20 yanvarda həmin bayrağın altında Bakıya soxulan rus imperiya qoşunu yüzlərlə həmvətənimizi şəhid etmişdi… Bundan əlavə, iştirakçıların yaxasına Rusiya imperiyasının işğalçılıq simvolu hesab edilən və bir çox ölkələrdə rəsmən qadağan edilmiş “Georgiyev lenti” taxılıb, fonda SSRİ-nin əzəmətini ifadə edən musiqi səslənir, rus dilində çıxışlar edilir və sair. Yeri gəlmişkən, rus dilində çıxış edənlər Rusiyadan gələn hansısa qonaqlar yox, Azərbaycanın dövlət dilini bilməyə və rəsmi tədbirdə, ictimaiyyət qarşısında bu dildə danışmağa borclu olan Azərbaycan vətəndaşlarıdır… Bu mənzərəyə baxanda, sanki bir anlıq Azərbaycanın SSRİ adı qoyulan rus-kommunist işğalı dövründəki tədbirlərə qayıdırsan. Bircə qırmızı qalstuklu uşaqlar, Leninin heykəli və Stalinin portretləri çatışmır… Bəs, İmişlidəki bu “qələbə paradı”nı təşkil edən SSRİ və rus sevdalıları kimlərdir? Belə məlum olur ki, əsas təşkilatçı İmişli rayon Ağsaqqallar Şurası adlı təşkilatdır. Bu ağsaqqalların “baş ağsaqqalı” isə 1962-ci il təvəllüdlü, yəni, hələ pensiya yaşına belə çatmamış Saleh Səmədov adlı şəxsdir. Belə məlum olur ki, bütün bu “SSRİ nostaljisi” və Rusiya təbliğatı qoxusu verən təmtəraqı da həmin tədbirə şəxsi “Rols-roys”u ilə təşrif buyurmuş S.Səmədovdur… Kiçik araşdırmadan aydın olur ki, bu şəxs İmişlidə kifayət qədər tanınan “məmur-biznesmen”dir. Üstəgəl də YAP İmişli Rayon Təşkilatının "Energetik" Ərazi Partiya Təşkilatının sədridir. Onun bioqrafiyasında anbar müdirliyindən “bazarkom”luğa, icra başçısı müavinliyindən MMC rəhbərinə qədər hər cür vəzifələr var. 1992-2003-cü illərdə Respublika Bazarlar İdarəsinin rəisi, sonra Bakı Baş Ticarət İdarəsi rəisinin müavini, Səbael rayon Ticarət və İctimai İaşə İdarəsinin rəisi, Nərimanov rayon Ticarət Departamentinin rəisi, İmişli Rayon Məşğulluq Mərkəzinin direktoru, arada “FM-RUS” Kommersiya Firmasının direktoru və “Araz” MMC firmasının təsisçisi, eləcə də Bakı Şəhəri İstehlak Bazarı və Xidməti Departamentində idarə rəisi, İmişli Rayon icra başçısının müavini, Metrologiya və Patent Üzrə Dövlət Komitəsi Regional Ərazi idarəsinin rəisi, 2018-2020-ci illərdə isə Azərbaycan Metrologiya İnstitutunun baş direktoru olub. Bütün bu vəzifələri ona görə sadalayırıq ki, İmişlinin Sarıxanlı kəndinə bir neçə 100 min dollar qiyməti olan lyuks avtomobili ilə gedən və orada sözügedən tədbiri təşkil edən şəxsin bu kahkəşanının əsl mənbəyi barədə təsəvvürünüz olsun… Nəhayət, maraqlı olan Rusiyanın məlum təyyarəmizin vurulması da daxil olmaqla Azərbaycana qarşı təxribatları, təzyiqləri, kiberhücumları, eləcə də Azərbaycanın Moskvadakı 9 may paradından imtinası fonunda bu cür açıq SSRİ və Rusiya atributları ilə zəngin, Kreml narrativlərinə uyğun tədbirə İmişli İcra Hakimiyyəti və YAP rayon təşkilatının münasibətidir. Bu tədbir kimə, nəyə xidmət edir və onun bu formada keçirilməsi kimin marağına uyğundur? Yəqin ki, İmişlinin icra başçısı Elçin Rzayev və rayonu parlamentdə təmsil edən iki deputat bu tədbirdən xəbərsiz deyillər. Əgər xəbərləri varsa, onların yuxarıda verilən suallara cavabı maraqlı olardı… “AzPolitika.info”