PKK-nın ARDINCA BU TERROR TƏŞKİLATI DA ÖZÜNÜ BURAXACAQ - Prosesin necə izlənəcəyi AÇIQLANDI

Terror təşkilatı PKK-nın özünü buraxdığını və silahları təhvil vermə qərarı aldığını açıqlamasından sonra diqqətlər prosesin ikinci mərhələsinə yönəlib.

“AzPolitika” Türkiyə mətbuatına istinadla xəbər verir ki, bundan sonra Türkiyə silahların təhvil verilməsi üçün İraqın Süleymaniyyə və Ərbil şəhərlərində iki ayrıca komissiya quracaq və bu mərhələ MİT (Milli Kəşfiyyat Təşkilatı) tərəfindən yaxından izlənəcək. Prosesin üç ay davam edəcəyi gözlənilir.

Qeyd olunur ki, iyunda həm Türkiyə daxilində, həm İraq, həm də Suriyada bu prosesin icrası üçün mexanizmlər yaradılacaq. Silahların təhvil verilməsi Süleymaniyyə və Ərbildəki komissiyalar vasitəsilə həyata keçiriləcək. Bu komissiyalarda İraq Mərkəzi Hökuməti, Kürd Muxtariyyəti və MİT-dən təmsilçilər birgə iştirak edəcək. Silah buraxma prosesi daim müşahidə olunacaq və PKK-nın bu prosesi sadəcə “formal” şəkildə edib-etmədiyi müxtəlif mənbələrdən yoxlanılacaq və hesabatlaşdırılacaq.

 

 

 

Xəbərə görə, təxminən 250 nəfərdən ibarət olan PKK-nın sözdə rəhbər heyətinin İraq və Suriyada qalmasına icazə verilməyəcək. Bu şəxslər üçüncü ölkələrə gedə biləcək, lakin bir ölkədə toplu şəkildə məskunlaşmaları mümkün olmayacaq. Silahların toplanması, məhv edilməsi və təşkilat üzvlərinin gələcək vəziyyəti ilə bağlı proses davam edərkən, heç bir ölkənin zəmanətçiliyi gündəmdə olmayacaq. Türkiyə bu prosesi İraq və Suriya ilə birgə icra edəcək.

PKK-nın Suriyadakı qolu olan YPG-nin də silah buraxması isə Şam hökuməti ilə birlikdə həyata keçiriləcək. Xatırladılır ki, Türkiyə və Suriya başından bəri suriyalı olmayan YPG üzvlərinin ölkədən çıxarılmasını, yerli üzvlərin isə Şam hökumətinə inteqrasiya olunaraq qanuni siyasi fəaliyyətə başlamasını dəstəkləyir. Bu çərçivədən kənar, Suriyanın şimalında hər hansı muxtar və ya silahlı strukturun qurulmasına qəti şəkildə icazə verilməyəcək.

 

 

“İstisna edilmir ki, yeni prosesə qarşı çıxan bəzi şəxslər terror təşkilatlarından ayrılıb yeni silahlı strukturlar yaratsınlar. Bu səbəbdən Türkiyə həm İraqda, həm də Suriyada uzun müddət qalmaq niyyətindədir. Bu prosesin müşahidəsi uzun zaman alacaq. Bu mərhələdən sonra əsas məsələ bu qərarların bölgədə necə tətbiq olunacağıdır. PKK-nın silah buraxdıqdan sonrakı mərhələsinin irəliləməsi vaxt tələb edəcək. Tez nəticə gözləmək doğru deyil”, - deyə xəbərdə qeyd olunur.

MİT-in sahədəki müşahidələrinə əsasən, Türkiyədə də demokratikləşmə ilə bağlı mərhələli şəkildə yeni addımların atılması nəzərdə tutulur. Amma bu addımlar Türkiyənin əsas prinsipləri və qırmızı xətləri çərçivəsində həyata keçiriləcək.

“TGRT Haber”in Ankara təmsilçisi Fatih Atik isə bildirib ki, PKK-nın təhvil verəcəyi bütün silahları Türkiyə alacaq. Bu silahlar üzərində araşdırma aparılacaq və onların Türkiyədə istifadə olunub-olunmadığı müəyyənləşdiriləcək. Silah buraxma prosesi yay ayları boyunca davam edəcək.

 






Fikirlər