Səməd Seyidovdan sensasion açıqlamalar – “Mənə aidiyyəti yoxdur!”

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Şurası Nazirlər Komitəsinin Lüksemburq şəhərində keçirilən 134-cü sessiyasında iştirak və çıxış edib. Sessiyada çıxışı zamanı nazir müavini 2024-cü ilin yanvar ayında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin Avropa Şurası Parlament Assambleyası tərəfindən təsdiq edilməməsinin hüquqi baxımdan tamamilə əsassız olduğunu və 2019-cu ildə təşkilatın Nazirlər Komitəsinin qəbul etdiyi qərarda əksini tapmış “bütün üzv dövlətlər bərabər əsasda Avropa Şurasının iki nizamnamə orqanında iştirak etməlidir” müddəası ilə ziddiyyət təşkil etdiyini bildirib. O, parlamentlərarası dialoq və əməkdaşlıq platforması rolunu həyata keçirməli olan Assambleyada Azərbaycanın iştirakının qeyd-şərtsiz iştirakını bərpa etmək məqsədilə vəziyyətin tezliklə həll edilməsinin zəruri olduğunu vurğulayıb. Nazir müavini Elnur Məmmədov, eləcə də Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Maykl Oflaherti və təşkilatın İnsan hüquqları və qanunun aliliyi üzrə Baş direktoru Canluka Espozito ilə görüşlər keçirib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb. Xatırladaq ki, 2024-cü ilin yanvarında AŞ PA rəsmi Bakının üzərinə götürdüyü “əsas öhdəlikləri” yerinə yetirmədiyini əsas gətirərək Azərbaycanın nümayəndə heyətinin mandatının dondurulması barədə qətnamə qəbul edib.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, AŞPA-nın qərarı qərəzlidir. Son olaraq isə Prezident Avropa Məhkəməsinin heç bir qərarının Azərbaycan üçün hüquqi qüvvəsi olmadığını deyib. “Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin hakimlərinin seçilməsində iştirak etmədiyindən, biz bu məhkəmənin qərarlarını tanımırıq... Bəyan edirəm ki, Avropa Məhkəməsinin heç bir qərarının bizim üçün hüquqi qüvvəsi yoxdur. Çünki biz səsvermə hüququmuzdan məhrum edilmişik. Biz bu hakimlərə səs verməmişik”,- deyə o qeyd edib. Bundan sonra AŞ PA-nın Almaniyadan olan üzvü Frank Şvabe növbəti dəfə ölkəmiz əleyhinə absurd ittihamlar irəli sürüb.

O, “Azadlıq Radiosu”na müsahibəsində Azərbaycanda insan haqları ilə bağlı əsassız fikirlər səsləndirib. O, yenə də dövlət rəhbərliyinə əsassız ittihamlar irəli sürüb. İddia edib ki, guya Azərbaycan AŞ PA-da təmsilçiliyə ciddi əhəmiyyət verir, amma bunun əksini söyləyir. Alman deputat Azərbaycanın öhdəliyinin yerinə yetirilməyəcəyi təqdirdə nümayəndə heyətinin mandatının bərpasının mümkünsüz olacağını söyləyib. Şvabe Rusiyadan sonra AŞ PA-nın başqa ölkələrlə müqayisədə Azərbaycana münasibətdə daha sərt qərar verilə biləcəyini də deyib. Almaniyalı deputat Azərbaycanın Avropa Məhkəməsinin qərarlarının icra etməyəcəyi haqda bəyanatına siyasi don geyindərməyə çalışıb, hələ də məhkəməyə hakim namizəd vermədiyini deyib. Göründüyü kimi, Bakının bu mövzuda səbri tükənib və Strasburqu bu ədalətsiz qərarı geri götürməyi tələb edir.

Mövzumuzla bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla bu mövzuda danışdıq.

WhatsApp Image 2025-05-16 at 10.36.06.jpeg (143 KB)

- Səməd bəy, Prezidentin Avropa İnsan Haqları Məhkəməsi (AİHM) ilə bağlı mövqeyi qəti mövqeyindən sonra AŞ PA-nın Almaniyadan olan üzvü Frank Şvabe yenidən ölkəmizə qarşı əsassız iddialar səsləndirib. Bu adam Azərbaycandan nə istəyir?

- Məncə, Şvabe getdikcə öz-özünü elə bir vəziyyətə salır ki, deyəsən, yalnız Azərbaycan onun mövcudluğunu hələ aktuallaşdırır. Qalan siyasi, yaxud da başqa dairələr Şvabe kimdir, nəçidir, hansı yuvanın quşudur, onları heç maraqlandırmır. Bunu mən elə - belə demirəm. Ona görə ki, Şvabe Azərbaycanın vasitəsilə özünü aktuallaşdırmaq istəyir. Bu da təəssüflər olsun ki, iflasa uğramış siyasətçilərin metodudur. Özlərini nə iləsə göstərmək, hansısa bir hərəkət etmək istəyirlərsə və heç cür özlərini reallaşdıra bilmirlərsə, çox təəssüflər olsun ki, bax, bu metodlardan istifadə edirlər, yalan, böhtan, təhqir səviyyəsində öz ritorikalarını yüksəltməyə başlayırlar. Bu isə çox təəssüflər olsun həm onların səviyyəsini göstərir, həm də Avropada gedən proseslərin, siyasi münasibətlərin dərəcəsini və vəziyyətini birbaşa təqdim edir. Bu, birinci...İkincisi, həm cənab Prezident, həm Azərbaycan rəsmiləri konkret olaraq öz münasibətlərini bildiriblər. Söhbət ondan gedir ki, 2024-cü ilin əvvəlindən indiyədək Azərbaycanın nümayəndə heyəti Avropa Şurasının Parlament Assambleyasının iclaslarında iştirak etmir. Bu da tam şəkildə keçirilən sessiyaların 6-sı deməkdir. Nəzərə alsaq ki, yarım ildən bir sədrlik müxtəlif ölkələrə verilir və orada da daimi komitə keçirilir, o da sessiyaya bərabərdir. 3 belə sessiya da keçirilib. Yəni 10-a yaxın böyük sessiyalar kiçirilib, amma Azərbaycan orada təmsil olunmayıb. Bunu niyə deyirəm?

- Niyə?

- Bunu ona görə deyirəm ki, hər sessiyada, istəyir daimi komitənin sessiyası olsun, istəyir böyük sessiya olsun, Avropa İnsan Haqları Məhkəməsinin hakimləri seçilir. Ölkələr öz namizədlərini təqdim edir. Bu namizədlər müvafiq komitələrə, həmçinin xüsusi komitə var, ora çıxarılır. AŞ PA-da AHİM-in hakimlərinin seçilməsi ilə bağlı komitəsi var. Orada müzakirələr gedir. Müzakirələrdən sonra isə tövsiyələr verilir, təqdim olunan 3 namizəddən kim birinci olacaq və sair. Sonra isə bunları həmin sessiyalarda səsverməyə cəlb edirlər. AŞ PA deputatlarının bunlara səs verib-verməməklə AHİM hakimləri seçilir. Bu müddət ərzində biz həmin seçkilərdə iştirak etməmişik. Deməli, bu hakimlərin heç birini nə tanımırıq, nə üzlərini görməmişik, nə müzakirələrdə iştirak etməmişik, nə bunlarla bağlı seçkilərdə hansısa fəallıq göstərməmişik. Deməli, AHİM-in böyük hissəsi bu müddət ərzində - orda da dəyişiklik olur, yeni hakimlər seçilir və sair – Azərbaycanın iştirakı, fikri, münasibəti olmadan formalaşdırılıb. İndi mən özüm-özümə sual verirəm və bu, məntiqi bir sualdır: seçmədiyim hakimin qərarını necə icra edim? Fərqi yoxdur, mən bunun lehinə, ya əleyhinə səs vermişəm, mən münasibət bildirmədiyim, ölkə kimi seçkisində iştirak etmədiyim, hakimin qərarına necə əməl edim? Burada bir vacib məsələ var: niyə Parlament Assambleyası hakimləri seçir? Bu, çox vacib sualdır. Bu suala cavab belədir: AİHM öz-özünün hakimlərini təyin edə bilməz. Ona görə ki, onda qərarlar ölkələr üçün mütləq olmaz. Bunları mütləq millət vəkilləri seçməlidir. Ona görə ki, millət vəkillərini xalq seçirsə, xalq onlara öz istəklərini, etimadını bildiribsə, deməli, onların seçdiyi adamlar da həmin xalqın, seçmək üçün göndərilən insanların hüququna uyğun olan şəxslər olacaq. Yəni hakimlərin deputatlar tərəfindən seçilməsi həmin hakimlərin legitimləşməsidir. Ona görə ki, mən Azərbaycan xalqının nümayəndəsi kimi Avropa Şurasında buna səs verirəmsə, deməli, Azərbaycan xalqı da bu hakimin qərarını icra etməyə öz imzasını qoya bilər. Ancaq mən orda iştirak etmirəmsə, bir xalqın nümayəndəsi kimi, siz mənsiz o hakimi seçirsinizsə, o hakimin qərarı mənim xalqım üçün necə icra oluna bilər? Hansı hüquqla, hansı əsasla?! Bu vəziyyəti mən yaratmamışam. Bu vəziyyəti AŞ PA yaradıb, Azərbaycan nümayəndə heyətinə qərəzli mövqe sərgiləyərək, faktiki bizim orada işləmək imkanlarımızı məhdudlaşdırmış və bizi elə vəziyyətə gətirib çıxarıb ki, biz öz səlahiyyətimizi, fəaliyyətimizi dayandırmışıq.Demişik ki, siz bax, bu ikili standartlardan, şvabelərdən əl çəkin, qayıdaq, işləyək. Onda da bütün mexanizm işə salınacaq. Bunlar bunu etmək istəmirlər. Faktiki Azərbaycan xalqının nümayəndələrini kənarlaşdıraraq, onların səsvermələrdə iştirak etməyini məhdudlaşdırıb və tamamilə ləğv edərək Azərbaycan nümayəndələrinin seçmədiyi insanları məhkəməyə göndərirlər, sonra deyirlər ki, bu məhkəmə Azərbaycan xalqı tərəfindən qəbul olunsun.

- Yəni faktiki olaraq Şvabe və onun kimi şəxslər Azərbaycanı bütövlükdə mühakimə edir, hətta “son söz” hüququnu tanmamadan, amma deyir ki, sən mənim seçdiyim məhkəmənin hökmünü icra elə...

- Bəli. Axı, sənin yaratdığın şəraitə əsasən, məhkəmə qərarının mənə aidiyyatı yoxdur.

- Yəni Azərbaycan üçün qiyabi hökm çıxarılır, eləmi?

- Bəli, qiyabi hökm çıxarılır.

- Səməd bəy, vaxtaşırı bu mövzudan da bəhs olunur: elə isə Azərbaycanın Avropa Şurası qarşısında götürülən öhdəliklər var, onlarla bağlı hər hansı narahatlıq mövcuddurmu?

- Mən Avropa Şurasına üzv olaraq, AİHM-in qərarlarının qərarlarının icra olunması ilə bağlı öhdəlik götürmüşəm. Ancaq gərək bu icra mühiti təmin olunsun. Yəni siz öz tərəfinizdən bunu təmin etmirsiniz. Azərbaycan tərəfindən isə bunun təminatını tələb edirsiniz.

- Yəni söhbət qarşılıqlı öhdəliklərdən gedir, eləmi?

- Əlbəttə, qarşılıqlı öhdəliklər var. Mən ordakı seçkilərdə iştirak etməliyəm, hakimləri formalaşdırmalıyam, sonra onları məhkəməyə göndərməliyəm, sonra onlardan hesabat istəməliyəm. Deməli, siz bunların hamısını kənara qoyursunuz, ancaq mənim iştrakım olmadan formalaşmış AİHM hakiminin hökmünün mənə mütləq sənəd kimi göndərirsiniz.

- AİHM-in icra olunmayan qərarları, hökmləri gələcəkdə Azərbaycanın üzərində bir yükə çevrilə bilərmi?

- İcra olunmayan məhkəmələrin məhkəmə hüququ məsələsi var. Məsələn, biz Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyilik. Ermənistan bu yaxınlarda üzv oldu. ABŞ və digər bir sıra ölkələr də üzv deyil. İndi üzv olmayan ölkələr həmin qərarları yerinə yetirə bilərmi? Söhbət burada məlumatın düzgün çatdırılmasından gedir. Söhbət ondan gedir ki, bu məhkəmənin qərarının icrası üçün iki tərəf öhdəliklər götürüb. Bir tərəf bu öhdəlikləri tam şəkildə yerinə yetirmir, o biri tərəfdən isə yerinə yetirməyi tələb edir. Söhbət bundan gedir.

Musavat.com






Fikirlər