KREMLİN AZƏRBAYCANA “ÇOX SAĞOLU”... - Azərbaycanlılara qarşı “səlib yürüşü”nün əsl səbəbi nədir?

Siyasətin əsrlər boyu “çirkin sənət”ə çevrilməsi bu sənətlə məşğul olanların bir çoxunun özünün mənəvi çirkinliyindən irəli gəlib və təəssüf ki, bu gün də eyni mənzərəni müşahidə etməkdəyik. Xüsusilə də son günlər Rusiya siyasi elitasının, Kremlin və şəxsən Rusiya prezidentinin timsalında…

Yekaterinburqda Rusiya dövlətinin(!) vəhşiliklə qətlə yetirdiyi azərbaycanlıların meyiti yalnız 3 gün sonra ailələrinə təhvil verildi. O da kim bilir, Azərbaycan tərəfinin hansı diplomatik səylərindən, tələblərindən, təkidindən sonra. Yəni, bu adamlarda – siyasi elitasından tutmuş donuz beyinli, yoğun peysərli sıravi “omonçuları”na qədər heç bir mənəviyyat, əxlaq, adi insani hisslər qalmayıb ki, heç olmasa, meyitləri vaxtında sahiblərinə versinlər. Məqsəd əlbəttə ki, vaxt uzatmaq, iz itirmək, onların üzərindəki zorakılıq izlərini hansısa yolla gizlətməkdir. Necə ki, vurduqları AZAL-ın sərnişin təyyarəsini iz itirmək üçün Xəzər dənizinə, ölümə göndərmişdilər…

 

 

Bir dövlət ki, Ukrayna ilə müharibədə həlak olanların meyitlərinin mübadiləsi zamanı Ukrayna tərəfinə ötürdyü meyitlərin arasına öz meyitlərini də soxuşdurur. Yəni, adları “itkin düşmüş” kimi getsin, ailələrinə kompensasiya ödəməsin deyə, öz meyitlərindən canlarını qurtarıb, onları Ukraynaya ukraynalıların meyitləri kimi təhvil verir. Öz vətəndaşlarını, gənclərini Ukrayna çöllərində mənasız yerə qırğına verən, “qardaş xalq” adlandırdığı ukraynalıların evlərini bombalayan, uşağını, qadınını, qocasını öldürən, şəhərlərini, kəndlərini viran qoyan, başçısı “rus əsgərinin çəkməsinin dəydiyi hər yer bizmdir” kimi açıq faşist şüarlarla çıxış edən belə bir başıpozuq, insanlığını, əxlaqını itirmiş dövlətdən və onu idarə edənlərdən yəqin ki, nəsə gözləməyə dəyməz.

 

 

 

Bu adamlar Rusiya XİN-in “bomjsifət” sözçüsü Mariya Zaxarovanın timsalında Yekaterinburqda baş verənlərə münasibət bildirərkən, cinayəti sübut edilmədən, barəsində məhkəmə qərarı çıxarılmadan qətlə yetirilmiş insanların ailələrinə zəhmət çəkib başsağlığı belə vermədilər.

Putinin sözçüsü Dmitri Peskov həyasızcasına deyir ki, bu “polis əməliyyatı” Rusiyanın daxili işidir və dövlətlərarası münasibətlərə təsir etməli deyil. Hansı ki, Rusiya özü “rusdilli vətəndaşların hüququ”, “rus dilinə qarşı ayrıseçkilik” və s. adlarla Ukrayna başda olmaqla, bütün qonşu dövlətlərə burnunu soxur, müharibə aparır, təxribatlar törədir, separatçılığa açıq dəstək verir və sair.

 

 

 

Şəxsən Vladimir Putin isə belə hallarda susmağa, “yoxa çıxmağa” üstünlük verir. Necə ki, Priqojin gələndə qaçıb Peterburqda gizlənmişdi, saatlarla susmuşdu… Hansı ki, özünə hörmət edən istənilən dövlət başçısı belə vəziyyətdə mərdlik göstərər, “strateji tərəfdaş” adlandırdığı dövlətə hörmətlə yanaşar, ən azından görüntü xatirinə hər şeyin araşdırılacağını, günahkarların cəzalandırılacağını deyər.

Amma yox. Bunu etsə, illər boyu Kremlin özünün beynini şovinizmlə, imperiyaçılıqla, başqa millətlərə qarşı nifrətlə doldurduğu rus cəmiyyəti, toplumu onu başa düşməz. Əgər bunu etsə, Rusiyada Kremlin özünün start verdiyi qeyri-ruslardan daxili düşmən obrazının yaradılması prosesinə zərər gələr. Axı, Kremlin təbliğatına görə, Rusiyadakı başıpozuqluğun, dəhşətli korrupsiyanın, hüquqi özbaşınalığın, regionlardakı səfalətin, natəmizliyin, ailə institutunun dağılmasının, mənəvi və demoqrafik deqradasiyanın, eləcə də iqtisadi, texnoloji, elmi, mədəni və s. geriləmənin, Rusiyanın “izqoy” dövlətə çevrilməsinin, nəhayət, Ukraynadakı acı məğlubiyyətlərin, itkilərin, səbəbkarı Kreml və şəxsən Putin özü yox, Rusiyada yaşayan qeyri-ruslardır! Azərbaycanlıların təqib və qətl edilməsi isə onlarla “müqəddəs müharibə”nin bir epizodudur…

 

 

 

Azərbaycana Rusiyanın həzm edə bilmədiyi Qarabağ, Ukraynaya dəstək, Türkiyə ilə yaxınlıq və s. səbəblərdən edilən təzyiqlərdə bir vasitə kimi Rusiyadakı azərbaycanlılara qarşı vəhşilikdən istifadə edilməsi siyasi şərəfsizliyin, namərdliyin pik nöqtəsidir. Və bu nöqtə sonda Kremlə və onun başında duranlara dirənir.

Məntiqlə, belələri ilə öz dillərində danışmaq gərəkdir. Biz isə yenə insanlıq göstəririk. Cəmi iki həftə əvvəl İrandan qaçan rusiyalıları sərhəddə qarşıladıq, Bakıya gətirdik, pulsuz mehmanxana, yemək-içməklə təmin etdik və Rusiyaya yola saldıq. Qarşılığında Yekaterinburqda növbəti “çox sağol” gördük…

Rusiyadakı həmvətənlərimizi bundan sonra hansı aqibətin gözlədiyini söyləmək çətindir. Ümid edək ki, başlarına daha faciəli hadisələr gəlməyəcək. Amma hər halda, Rusiya klassik musiqisinin banilərindən və Rusiya tarixinin ən görkəmli bəstəkarlarından biri sayılan Mixail Qlinkanın hələ 169 il əvvəl Rusiyanı birdəfəlik tərk edərkən baş vermiş bir epizod olduqca ibrətamizdir.

Qlinkanın bacısı xatirələrində bu barədə yazıb: “1856-cı il aprelin 27-də Mixail İvanoviç(Qlinka) Rusiyadan Almaniyaya yola düşərkən sərhəddə soyundu... tamamilə çılpaq soyundu. Paltarını torpağa atdı ki, üzərində heç rus ruhunu belə götürməsin. Rus torpağına tüpürdü və qışqırdı: “Tanrı nəsib eləsin ki, bir daha bu rəzil ölkəni və onun xalqını görməyim!” və şlaqbaumu keçdi”...

“AzPolitika.info” 

 

 






Fikirlər