"TRAKTOR SAZİ" - Bir futbol klubundan daha artığı + VİDEOLAR

Məlum olduğu kimi, İran Pro Liqasının 2024/2025 mövsümünün çempionu Cənubi Azərbaycanın Təbriz şəhərini təmsil edən “Traktor-Sazi” klubu olub. “Şəms Azər” komandasını 4 cavabsız qolla məğlub edən "Traktor" çempionatın bitiminə üç həftə qala ilk dəfə İran çempionu olub.

Məlumat üçün bildirək ki, 1970-ci ildə Təbrizdə fəaliyyət göstərən Traktor zavodu tərəfindən qurulan klub, ilk illərdə məhdud imkanlarla fəaliyyət göstərsə də, zamanla bölgənin ən güclü futbol komandalarından birinə çevrilib. 

 

 

Həmin dövr üçün əsas məqsəd həm bölgənin gənclərini idmana yönəltmək, həm də Güney Azərbaycanın sosial-mədəni həyatında milli bir oyanış yaratmaq idi. 1980-1990-cı illərdə "Traktor" əsasən ikinci və üçüncü liqalarda mübarizə aparırdı. Lakin 2009-cu ildə İran Pro Liqasına vəsiqə qazandıqdan sonra klubun tarixi tamamilə dəyişdi. Bu dövrdə azarkeşlərin sayı sürətlə artdı, Təbriz stadionları dolmağa başladı və "Traktor" artıq sadəcə bir futbol klubu yox, bir millətin səsi və simvolu olaraq qəbul edildi.

 

 

 

"Traktor Sazi"nin böyük uğurları və çempionluğa aparan yol

Qeyd edək ki, bu günədək "Traktor" bir neçə dəfə İran Pro Liqasında ikincilik və üçüncülük qazanıb:

- 2011–2012 mövsümündə: 2-ci yer;

- 2012–2013 mövsümündə: 2-ci yer;

- 2014–2015 mövsümündə: 2-ci yer;

- 2013–2014 mövsümündə: İran Kuboku Çempionu;

Bu uğurlar azarkeşləri sevindirsə də, klubun əsas hədəfi həmişə birinci yeri – çempionluğu qazanmaq olub. Nəhayət ki, 2025-ci ildə bu hədəf reallığa çevrildi. Mövsüm boyunca stabil oyun göstərən komanda həm hücumda, həm müdafiədə balanslı çıxış etdi. Baş məşqçi və rəhbərlik düzgün transfer siyasəti apararaq həm yerli, həm də xarici təcrübəli futbolçuları komandaya cəlb etdilər. Nəticədə, mövsümün sonuna 3 tur qalmış "Traktor" öz çempionluğunu rəsmiləşdirdi.

 

 

 

"Traktor" azarkeşləri

"Traktor"un ən böyük gücü onun azarkeş ordusudur. Təbrizin “Səhənd” stadionu hər oyunda 70 mindən artıq tamaşaçı ilə dolur. Bu stadion təkcə futbol meydanı deyil – burada bir millətin ruhu, həyəcanı, sevgisi və çağırışı var. Oyundan əvvəl və sonra səslənən “Yaşasın Azərbaycan!”, “Traktor – millətin qürurudur!” şüarları bu klubun milli kimliklə necə iç-içə olduğunu göstərir. Azarkeşlər yalnız Təbrizdə deyil – Urmiyə, Ərdəbil, Zəncan, Həmədan, Qəzvin və Tehranda yaşayan milyonlarla azərbaycanlı da bu komandaya könül verib. Oyun günləri şəhərlərdə həyat sanki dayanır, hər kəs "Traktor"un oyununu izləməyə yönəlir.

"Traktor" və Azərbaycan arasındakı dərin bağ

"Traktor Sazi" uzun illərdir ki, Quzey Azərbaycanda da böyük maraqla izlənilir. Burada da klubun azarkeşləri var, oyunlar sosial şəbəkələrdə müzakirə edilir, bəzi kafelərdə birbaşa yayımlar təşkil olunur. Hər iki tərəfdəki azərbaycanlılar "Traktor"un uğurlarını ortaq milli qürur kimi qəbul edirlər. Təbriz stadionunda Azərbaycan Respublikasının bayraqlarının dalğalanması bu bağlılığın ən gözəl göstəricisidir. "Traktor" oyunları təkcə futbol baxımından deyil, azərbaycanlıların türkcə danışmaq, milli mədəniyyətini ifadə etmək üçün bir platformaya çevrilib. Stadionda səslənən türkcə şüarlar, oxunan bayatılar və marşlar, Azərbaycan musiqisinin səsləndirilməsi bu klubun idmandan daha artıq bir mənaya sahib olduğunu göstərir. Şübhəsiz ki,"Traktor" azərbaycanlıların dil, kimlik və mədəniyyət uğrunda simvolik mübarizəsinin bir parçasıdır.

Klub rəhbərliyi artıq Asiya Çempionlar Liqasında uğurlu çıxış üçün hazırlıqlara başlayıb. Məqsəd yalnız İranda deyil, Asiya səviyyəsində də rəqib tanımamaqdır. Eyni zamanda klubun altyapı sistemini gücləndirmək, bölgənin istedadlı gənclərini üzə çıxarmaq prioritet hədəflər sırasındadır.

 

 

"Traktor" Güney və Quzey Azərbaycanın ortaq səsi, bir millətin sevgisi və gələcəyə olan ümididir. Bu uğur, təkcə Təbrizin, ya da Güney Azərbaycanın deyil – bütün Azərbaycan türklərinin qələbəsidir. Bu qələbə, illərlə davam edən mübarizənin, sədaqətin, azarkeş sevgisinin və milli ruhun təntənəsi idi.

Təbriklər, "Traktor"! Təbriklər, Azərbaycan!

E. Bəyməmmədli

"AzPolitika.info"

 

 






Fikirlər