QƏRB KƏŞFİYYAT XİDMƏTİNİN RƏHBƏRLƏRİ BAKIYA NİYƏ GƏLİB? - Sensasiyalı DETALLAR
Böyük Britaniyanın Mİ 6 kəşfiyyat xidmətinin rəhbəri Riçard Mur sentyabrın 14-də Bakıya gəlib, ADA Universitetində mühazirə oxuyub. Bu barədə universitet rəhbərliyinin sosial şəbəkədəki nəşrindən məlum olub. Maraqlıdır ki, hələ ki nə rəsmi Bakı, nə də Böyük Britaniyanın ölkəmizdəki səfirliyi bununla bağlı heç bir məlumat yaymayıb. “Turan” agentliyi bildirir ki, Riçard Murun səfərinin məqsədinin universitetdə mühazirə oxumaq olmadığı şübhəsizdir: “Çox güman ki, o, beynəlxalq və regional məsələlərlə bağlı ölkə rəhbərliyi ilə danışıqlar aparacaq. Onun Qərbin nüfuzlu dairələrindən və hökumətindən müəyyən mesajlar verməsi də ıstısna deyıl. Yəqin ki, söhbət Rusiya və İranla münasibətlərdən, Ukraynadakı müharibədən gedəcək”. Mİ 6 rəhbərinin Bakıya gözlənilməz səfəri onun Londonda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnslə görüşündən bir həftə sonra baş verib. Eyni zamanda Mur və Bernsin imzası ilə “Financial Times” qəzetində çıxan beynəlxalq nizama təhlükə barədə məqalə dərc olunub. Həmin məqalədə Britaniyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri deyirlər: “Dünya nizamı bəşəriyyətin soyuq müharibədən bəri görmədiyi təhlükə ilə üz-üzədir”. Hər iki kəşfiyyatçının sözlərinə görə, London və Vaşinqton “Rusiyanın aqressiv hərəkatlarına və Putinin Ukraynadakı işğalçı müharibəsinə müqavimət göstərmək üçün” vahid cəbhə yaratmaq məqsədilə fəal əməkdaşlıq edir. Qeyd edək ki, R.Mur Böyük Britaniyanın Türkiyədəki səfiri, həmçinin ölkənin Nazirlər Kabineti katibliyinin milli təhlükəsizlik üzrə müşavirinin müavini vəzifələrində çalışıb. Xatırladaq ki, təxminən on gün qabaq, sentyabrın 10-da ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prior Azərbaycanda olmuş, Prezidentin köməkçisi Hikmət Hacızadə ilə bir araya gəlmişdi. Lakin Prior İrəvana baş çəkməmişdi. Qərbin iki mühüm, aparıcı dövlətinin xüsusi xidmətlərinin yüksək çinli rəsmilərinin ard-arda Bakı səfərlərində əsas məqsəd nə ola bilər?
Elxan Şahinoğlu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, bu iki səfərdə məqsəd həm ABŞ-ın, həm də Böyük Britaniyanın Azərbaycanla əməkdaşlığında xüsusi detalların müzakirəsi olub: "Yəni kəşfiyyat rəhbərləri aydındır ki, iqtisadi, siyasi mövzuları müzakirə etməyəcəklər. Bu mövzuların müzakirəsini aparmaq üçün müvafiq rəsmilər, diplomatlar var. Onlar Azərbaycana səfərlər edir və Azərbaycanla siyasi, iqtisadi əməkdaşlıq mövzularını müzakirə edirlər. Bu, ayrı bir məsələdir. Amma əgər Amerika kəşfiyyatının yüksək rütbəli məmuru və yaxud Böyük Britaniya kəşfiyyatının rəhbəri Bakıya gəlirsə, burada, deməli, xüsusi detallar var ki, onların Bakı ilə müzakirəyə ehtiyacı var. Düşünürəm ki, birinci Rusiyanın Cənubi Qafqaza təsir imkanları mövzusunda adıçəkilən iki böyük dövlətin kəşfiyyatının müzakirə etməli olduğu məsələlər meydana gəlib. ABŞ və Böyük Britaniya Rusiyanın Cənubi Qafqaza təsir imkanlarından narahatdır. Rusiya prezidenti Vladimir Putinin avqust ayında Azərbaycana səfərindən sonra Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etmək təşəbbüsləri artıb. Aydındır ki, bu təşəbbüslər tək Azərbaycan və Ermənistanın maraqlarına cavab vermir, həm də ABŞ və Böyük Britaniyanın da maraqlarına cavab vermir. Çünki Zəngəzur dəhlizi Orta dəhlizin tərkib hissəsi olacaq və nə Amerika, nə də Böyük Britaniya istəməz ki, Çindən çıxan nəqliyyat yolları Rusiyanın nəzarətində olsun. Zəngəzur dəhlizinə Rusiya hərbçiləri nəzarət edəcəksə, bu, o demək olacaq ki, Rusiya Orta dəhlizə nəzarət edəcək. Bu da bir çox dövlətin maraqlarına uyğun gəlmir. Mənə belə gəlir ki, müzakirə edilən mövzulardan biri bu ola bilər. İkincisi isə böyük ehtimalla COP29 tədbiri ilə bağlı məsələlərin müzakirəsinə ehtiyac yaranıb. Noyabr ayında Bakıda çox böyük beynəlxalq tədbir keçiriləcək, dünya liderlərinin də iştirakı ilə 80 minə yaxın xarici qonağın Bakıda iki həftə konfrans və seminarlarda iştirakı nəzərdə tutulub. Bu baxımdan ola bilsin ki, ABŞ və Böyük Britaniya müəyyən kəşfiyyat məlumatlarını Azərbaycanla bölüşmək istəyiblər. Təhlükəsizlik zəminində elə qruplar ola bilər ki, müəyyən planları ola bilər. Ona görə də görünür ki, COP29 ərəfəsində Amerika və Böyük Britaniya hesab edib ki, kəşfiyyat məlumatlarını Azərbaycanla bölüşməyə, Azərbaycanla əməkdaşlığa ehtiyac var”.