ERMƏNİSTANLA DANIŞIQLARDA ARTIQ VAŞİNQTON FORMATI MÖVCUD DEYİL - Rəsmi Bakı üçün məqbul variantlar açıqlandı
Azərbaycan üçün Ermənistanla danışıqlarda artıq Vaşinqton platforması mövcud deyil. APA-nın əldə etdiyi məlumata görə, rəsmi Bakının bundan sonra ABŞ-nin təşəbbüsü ilə Ermənistanla danışıqlar aparmaq niyyəti yoxdur. Məlum olduğu kimi, Brüssel formatı mövcuddur, Azərbaycan da danışıqları bu formatda davam etdirməyi məqbul sayır. Bununla yanaşı, Azərbaycan daha çox Ermənistanla birbaşa danışıqlara üstünlük verir. Qeyd edək ki, bundan əvvəl Vaşinqtonun təşəbbüsü ilə Azərbaycanla Ermənistan arasında ABŞ-də bir neçə görüş keçirilib. Lakin ABŞ-nin son addımları Azərbaycan tərəfdə haqlı narazılıq yaradıb. Bir neçə gün əvvəl ABŞ Senatının Xarici İşlər Komitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmələr zamanı Azərbaycanın ünvanına əsassız iddialar səslənib. Dinləmələrdə iştirak edən ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın da ölkəmizlə bağlı dedikləri kəskin etirazla qarşılanıb. Bunun ardınca isə ABŞ Senatı “2023-cü il Ermənistan Müdafiə Aktı”nı qəbul edib. Akta əsasən, ABŞ Prezidenti “Azadlığa Dəstək Aktı"na “907-ci düzəliş”in icrasını həyata keçirməkdən imtina hüququndan məhrum edilir. Başqa sözlə, sənəd Azərbaycana hərbi yardımın qadağan olunmasını nəzərdə tutur. Məhz ABŞ-nin bu addımlarından sonra rəsmi Bakı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin noyabrın 20-də Vaşinqtonda keçirilməli olan görüşündən imtina edib. Azərbaycan “Azadlığa Dəstək Aktı”na “907-ci düzəliş”lə bağlı ABŞ-nin son qərarı ilə bağlı məsələni də əsas hesab edir. Bunu daha çox mənəvi məsələ sayan Bakı “907-ci düzəliş”lə bağlı ABŞ-nin mövqeyinin dəqiqləşməsini istəyir.