Bakı-Ankara-İslamabad geosiyasi xətti: Yeni güc nə vəd edir? - ŞƏRH

Bakı-Ankara-İslamabad geosiyasi xətti: Yeni güc nə vəd edir? - ŞƏRH

“Yeni formada orta güc kimi ortaya çıxan Azərbaycan yürütdüyü uğurlu çoxvektorlu diplomatiyası ilə beynəlxalq münasibətlər sistemində aktiv aktor rolunda çıxış etməkdədir. Azərbaycan iki, üç və çoxtərəfli formatlarda dünyanın fərqli mərkəzləri ilə uğurlu əməkdaşlıq münasibətləri qurmaqla regional və qlobal proseslərdə geosiyasi mövqeyini möhkəmləndirməklə beynəlxalq münasibətlərdə uğurlu orta güc kimi çıxmasına yeni fürsətlər yaradır. Bunun üçün son aylarda Azərbaycanın yürütdüyü aktiv xarici siyasətə diqqət yetirmək kifayətdir: Azərbaycan-Çin, Azərbaycan-İran, Azərbaycan-Avropa İttifaqı, Azərbaycan-TDT, Azərbaycan-Yaxın Şərq, Azərbaycan- Mərkəzi Asiya, Azərbaycan-Pakistan, Azərbaycan- Okeaniya ölkələri, Qlobal Şimalla Qlobal Cənub arasinda körpü rolunu oynaması və sair.

Digər mühüm məqam isə onda ibarətdir ki, yeni dünya düzəni uğrunda gedən mübarizədə Avrasiya coğrafiyasında, xüsusən də Orta Dəhliz marşrutu üzrə reallaşan enerji, iqtisadi, logistik bağlantı layihələrini - əksəriyyətini Azərbaycansız təsəvvür etmək mümkün deyil. Avropa ilə Asiyanın qovşağında körpü rolundan uğurla istifadə edən Azərbaycan beynəlxalq münasibətlər sistemində orta güc kimi daha aktiv oyunçu rolunda çıxış etməklə geosiyasi mövqelərini möhkəmlədəcək. Elə sonuncu Azərbaycan-Türkiyə-Pakistan Dövlət başçılarının Laçında baş tutan Zirvə görüşünü də bu qəbildən hesab etmək olar”.

Bunu Ölkə.az açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Deputat bildirib ki, Laçın Zirvə görüşündən öncə bir neçə məqama diqqət yetirmək istəyirəm: “Birincisi, cənab Prezident Qarabağ və Şərqi Zəngəzuru yenidən sürətlə bərpa quruculuq işlərini həyata keçirməklə Azərbaycanın dünyaya gücünü və qüdrətini nümayiş etdirir.
İkincisi, Laçının bərpasına diqqət xüsusi önəm daşıyır. Laçın strateji və təhlükəsizlik baxımdan əhəmiyyət kəsb etdiyindən cənab Prezident bu rayonun daha sürətlə bərpa olunmasına çalışır.
Üçüncüsü, Laçın beynəlxalq hava limanının tikintisi Şərqi Zəngəzurun daha sürətlə bərpasına, iqtisadiyyatına, turizminə və logistik yükdaşımanın inkişafı ilə yanaşı, həm də təhlükəsizliyinin etibarlı şəkildə müdafiəsinə ciddi töhfə verəcək”.

Laçında keçirilən üçtərəfli Azərbaycan-Türkiyə-Pakistan Dövlət başçılarının Zirvə görüşünə gəldikdə isə deputat bildirib ki, bunun nəticələri çox ciddi geosiyasi əhəmiyyətə malikdir:

“Birincisi, müasir dünyamızda qütbləşmənin dərinləşdiyi, bloklaşmanın artdığı bu dövrdə beynəlxalq sistemin getdikcə legitimlik böhranına sürükləndiyi bir zamanda Bakı-Ankara-İslamabadın üçlü formatı beynəlxalq sistemin yaşadığı böhranın aradan qalxması və qarşısının alınması baxımdan mühüm rol oynayır. Çünki Zirvə görüşündə hər üç ölkənin lideri strateji müttəfiqlik münasibətlərinin daha da yüksək səviyyə qaldırmaqla yeni dünya düzənindəki mövcud nizamsızlığın aradan qaldırılaraq sülhün, təhlükəsizliyin, ədalətin bərqərar olması istiqamətində mövqelərini ortaya qoymaqla mesajlarını açıq şəkildə beynəlxalq aləmə çatdırdılar.

İkincisi, ölkələrimiz Avropa ilə Asiyanın kəsişmə nöqtəsində son dərəcə strateji bir bölgədə yerləşməsini nəzərə alaraq coğrafiyamızda, onun hüdudlarından kənarda təhlükəsizlik təhdidlərindən tutmuş iqtisadi çətinliklərə, enerji, logistik, qida böhranlarınadək çox problemlərin aradan qalxmasına həmrəylin nümayiş etdirmək.

Üçüncüsü, üçtərəfli əməkdaşlığı daha da irəli aparıb yeni bir güc mərkəzi kimi ortaya çıxmaq, əməkdaşlığın təşkilatlanması üçün qarşıdakı dövrdə xarici işlər nazirlərinin və digər müvafiq dövlət qurumlarının sıx əməkdaşlıq edilməsi nəzərdə tutulur. Bu qurumlar üçtərəfli əməkdaşlığı formalaşdıran ticarət, investisiyalar, nəqliyyat, enerji, müdafiə sənayesi və terrorla mübarizə kimi sahələrdə ölkələrimizin ortaq baxışını əks etdirən güclü bir çərçivə hazırlayacaq.

Buna uyğun olaraq Türkiyə, Azərbaycan və Pakistan olaraq, mütəmadi üçtərəfli Zirvə görüşləri və nazirlər səviyyəsində toplantılar təşkil edilməsi nəzərdə tutulur.

Dördüncüsü, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində addımlar planlaşdırılır.

Beşincisi, müasir dövrdə ölkələr arasında əməkdaşlığın son dərəcə strateji aspektini təşkil edən nəqliyyat sahəsində, xüsusən də Avrasiya coğrafiyasında reallaşan “İnkişaf Yolu”, “Orta Dəhliz” və “Şimal-Cənub Nəqliyyat Dəhlizi” kimi layihələrdə səyləri birləşdirmək nəzərdə tutulur.
Enerji təhlükəsizliyi, ərzaq təhlükəsizliyi və bərpaolunan enerji sahələrindəki birgə əməkdaşlıq münasibətləri araşdırılaraq və addımlar atılacaq.

Altıncısı, Türkdilli Dövlətlər Təşkilatına üzv ölkələr və Pakistanın birgə iştirakı ilə  beynəlxalq aləminə yeni siyasi-iqtisadi beynəlxalq güc kimi formalaşaraq ortaya çıxmaq. Bunun üçün bütün imkanlar mövcuddur. Əhali sayı təxminən 400 milyon və 2 trilyon dollardan çox iqtisadi gücə malikdir. Bu gələcəkdə bu coğrafiyanın daha da  genişlənməsi nəzərdə tutulur. Bura digər ölkələrin də üzv olması gözlənilir. 

Bütün bu və digər amillər nəticə etibarilə Bakı-Ankara-İslamabad üçlüyü yeni dünya düzənində gedən geosiyasi proseslər zamanı öz maraqlarını təmin edə biləcək gücə malik qüvvə kimi ortaya çıxmasına imkan yaradacaq”.

Ölkə.az








Fikirlər