Qərb PARÇALANIR: Dünyanın düzənini dəyişən AUKUS nədir?

Qərb parçalanır: Dünyanın düzənini dəyişən AUKUS nədir?

Anqlo-sakson dünyasının 3 ən böyük dövləti ABŞ, Böyük Britaniya və Avstraliya tərəfindən imzalanan və AUKUS adlandırılan hərbi pakt dünya mətbuatında və siyasətdə çox qızğın müzakirələrə səbəb oldu. Üç ölkənin imzaladığı sənəd bir anda dünyanın gündəmini dəyişdi.
 
İndi hamını bu suallar düşündürür: AUKUS nədir? Üç ölkə nəyi hədəfləyir?
 
 Əvvəla bildirək ki, yayılan rəsmi məlumata görə, hərbi ittfaqın məqsədi Hind-Sakit okean regionunda təhlükəsizliyi təmin etməkdir.
 
Avstraliyanın Baş naziri Skott Morrison, Britaniyanın Baş naziri Boris Conson və ABŞ Prezidenti Co Baydenin imzaladığı birgə bəyanatında deyilir ki, ittifaqın fəaliyyəti Hind-Sakit okean bölgəsində sülh və sabitliyin təmin edilməsinə yönəlib. Bəyanatda, həmçinin qeyd olunur ki, üç ölkə hərbi texnologiyaları aktiv şəkildə mübadilə etməyə davam edəcək.
 
AUKUS liderləri bloklarının üçüncü ölkələrə qarşı yönəldilmədiyini bildirsə də, paktın əsas hədəfi son illərdə regionda hərbi aktivliyi artıran Çindir. İmzalanan sənəddə dövlət başçıları “qayda əsaslı nizam”ın qorunmasının zəruriliyini qeyd ediblər. Bundan əvvəl bu ifadə dəfələrlə Pekinin müstəsna təsir zonası hesab etdiyi Cənubi Çin dənizində fəaliyyətini tənqid etmək üçün istifadə edilib. Pekin “Soyuq Müharibə dövrünün köhnəlmiş zehniyyətinə” qayıtmaq təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Ancaq müqavilədən narahat olan və qəzəblənən yalnız Çin deyil.
 
Birinci layihədə tərəflər Avstraliya üçün atom enerjisi ilə işləyən sualtı gəmilərin inşa edilməsinə köməklik edəcəklər. Yeni pakt ilə Avstraliya və Fransa arasında mövcud olan sualtı gəmi müqaviləsi ləğv edilib. 2016-cı ildə Fransanın “Naval Group” şirkəti tərəfindən Avstraliya Hərbi Dəniz Qüvvələri (HDQ) üçün 12 ədəd sualtı gəminin inşasını nəzərdə tutan müqavilə imzalanmışdı.
 
Fransa mediasında “Əsrin müqaviləsi” adlandırılan razılaşmanın ümumi dəyəri 66 milyard ABŞ dolları idi. Fransa AUKUS paktını “arxadan bıçaqlama” kimi dəyərləndirib. Paris müqavilənin imzalanmasından sonra ABŞ və Avstraliyadakı səfirlərini geri çağırıb.
 
Parisdə Avstraliyanın bu müqavilədən imtina edəcəyi gözlənilmirdi. İyun ayında Skott Morrisonla Parisdə görüşü zamanı Fransa Prezidenti Emmanuel Makron qarşıdakı onillikləri əhatə edən əməkdaşlıq gözləntilərindən danışmışdı.
 
“Mən qəzəblənirəm. Bu müqaviləyə xitam verilməsi ilə əlaqədar böyük acı hissi keçirirəm. Müttəfiqlər bunu etmirlər”, - deyə Fransanın xarici işlər naziri müqaviləni şərh edərkən deyib.
 
Paris müqavilənin ləğv edilməsinə görə Avstraliyadan təzminat almaq imkanlarını araşdırır.
 
Fransa ilə münasibətlərdə gərginliyi şərh edən Avstraliyanın Baş naziri Parisi hislərini kənara qoymağa və ölkəsinin qərarının düzgünlüyünü anlamağa çağırıb:
 
“Əlbəttə ki, bu Fransa hökumətini çox məyus etdi və mən məyusluğu başa düşürəm. Ancaq eyni zamanda, Avstraliya, hər bir suveren ölkə kimi, milli təhlükəsizliyinin maraqlarına cavab verən qərarlar verməlidir”.
 
O qeyd edib ki, Fransanın inşa edəcəyi hərbi gəmilərin texniki xüsusiyyətləri Hind-Sakit okean regionunda Kanberra üçün lazım olan silah hesab edilməsinə imkan vermir.
 
Avstraliyanın Fransa ilə müqaviləni ləğv etməsi ABŞ və Avropa ölkələri arasındakı əlaqələrə mənfi təsir edib. Bir-birini ittiham edən Qərb müttəfiqləri arasındakı fikirayrılığı getdikcə dərinləşir. Fransanın tələbi ilə NATO-nun strateji konsepsiyasının yenidən hazırlanması ilə bağlı danışıqlar aparılır. Rəsmi Paris ABŞ-la münasibətlərində böhran olduğunu açıqlayıb.
 
Müşahidəçilər yeni paktın Qərb mütəffiqləri arasında həm iki tərəfli, həm də NATO çərçivəsində çoxtərəfli əməkdaşlığı zədələyəcəyi ilə bağlı xəbərdarlıq edirlər. Fransanın müdafiə naziri Florence Parli bu həftə britaniyalı həmkarı Ben Uollas ilə Londonda planlaşdırdığı görüşü ləğv edib. Paris eyni zamanda Britaniya ilə birgə istehsal ediləcək qanadlı raket layihəsini dondurub. Layihəyə indiyədək 130 milyon dollar xərclənmişdi.
 
Müqavilənin imzalanmasından sonra Makron İsveçrə səfərini də ləğv edib. Buna səbəb kimi İsveçrənin bundan əvvəl Fransanın təklif etdiyi qırıcı təyyarələri almaması göstərilir. Belə ki, İsveçrə təyyarələri məhz ABŞ-dan almağa qərar verib.
 
Bu faktlar Fransanın AUKUS paktına görə həddindən artıq hiddətləndiyini göstərir. Münasibətləri normallaşdırmaq istəyən Bayden artıq fransalı həmkarı ilə görüşmək istədiyini elan edib. Tərəflərin gələn ayın sonu görüşü planlaşdırılır.
 
Fransa qəzetlərində isə daha kəskin qisas planları müzakirə olunur. Bunlar həm də NATO-ya qarşı addımların atılması ola bilər. Bəziləri düşünür ki, bu hadisə Avropanı daha böyük strateji muxtariyyət üçün hərəkətə gətirə bilər. Söhbət NATO-dan kənarda “Avropa ordusunun” yaradılmasından gedir.(modern.az)






Fikirlər