TÜRKİYƏNİN YENİ VİTSE- PREZİDENTİ TƏYİN OLUNDU - Cevdet Yılmaz kimdir?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cevdet Yılmazı ölkənin yeni vitse-prezidenti təyin edib.

Çankaya sarayında keçirilən tədbirdə dövlət başçısı 67-ci hökumətin tərkibini açıqlayıb.

"AzPolitika.info" xəbər verir ki, Cevdet Yılmaz 1 aprel 1967-ci ildə Bingöldə anadan olub. Atasının adı Kamal, anasının adı Fatmadır. Orta təhsilini 1983-cü ildə Bingöldə bitirib. ODTU-nun İqtisadiyyat və İnzibati Elmlər Fakültəsinin Dövlət İdarəçiliyi bölümünə daxil olub və 1988-ci ildə bu şöbəni birinci yerlə bitirib. 1989-cu ildə Dövlət Plan Təşkilatında (DPT) işləməyə başlayıb.

1992-1994-cü illərdə ABŞ-a getmiş və Denver Universitetinin Beynəlxalq Münasibətlər Departamentində magistratura pilləsini bitirmişdir. 1995-2003-cü illərdə DPT-də Planlaşdırma Mütəxəssisi vəzifəsində işləyərkən Bilkent Universitetinin Siyasi Elm və Dövlət İdarəçiliyi fakültəsində doktorluq təhsili alıb. 2003-cü ildə doktorluq dissertasiyası qəbul edilib. Həmin il o, təşkilatın Aİ ilə əlaqələr üzrə baş direktoru vəzifəsinə təyin edilib. Milli Agentliyin, ATAUM və Sümerhalının İdarə Heyətinin üzvü olub. 23-cü çağırış Türkiyə Böyük Millət Məclisinə çeçkilərdə millət vəkili seçilən Cevdet Yılmaz Türkiyə-Avropa İttifaqı Birgə Parlament Komissiyasının üzvü və Parlamentlərarası Birlik (Pİ) Türk Qrupunun sədri olub.

Siyasi həyatına AK Partiyada başlayan Cevdet Yılmaz 2007-ci il Türkiyə parlament seçkilərində ilk dəfə AK Partiya Bingöl millət vəkili olaraq Türkiyə Böyük Millət Məclisinə daxil olub. 2009-cu il mayın 1-də Türkiyə 60-cı hökumətinin Nazirlər Kabinetində dəyişiklik edilməsi nəticəsində GAP-DAP Layihəsi və İnkişafından Məsul Dövlət Naziri təyin edilib. 2011-ci ildə Türkiyədə keçirilən parlament seçkilərində AK Partiya Bingöl millət vəkili olaraq yenidən parlamentə daxil olub. O, 12 iyun 2011-ci ildə Rəcəb Tayyib Ərdoğan tərəfindən qurulan 61-ci Türkiyə Hökumətində İnkişaf Naziri vəzifəsində çalışıb. 2014-cü ildə Türkiyədə keçirilən prezident seçkilərində Ərdoğan 51,79 faiz səslə prezident seçilərkən hökuməti qurmaq vəzifəsi Əhməd Davudoğluna həvalə edilmişdi. O, 29 avqust 2014-cü ildə Əhməd Davudoğlu tərəfindən qurulan 62-ci Türkiyə Hökumətində İnkişaf Naziri vəzifəsini qoruyub.

2015-ci ilin iyununda Türkiyədə keçirilən parlament seçkilərində Diyarbəkir millət vəkili olaraq parlamentə daxil olub. Bu seçkilərdə heç bir partiyanın təkbaşına iqtidarda olmaq üçün lazımi mandatları əldə edə bilməməsi və koalisiya danışıqlarının nəticə verməməsi zamanı növbədənkənar seçkilərin keçirilməsi qərarı verilib. O, avqustun 28-də Əhməd Davudoğlunun sədrliyi ilə qurulan Seçki hökumətində Baş nazirin müavini vəzifəsinə təyin edilib. 24 noyabr 2015-ci il tarixinə qədər bu vəzifəsini davam etdirən Cevdet Yılmaz 2015-ci ilin noyabrında Türkiyədə keçirilən ümumi seçkilərdə Bingöl millət vəkili olaraq parlamentə daxil olub. 

Vitse - prezident təyin olunmazdan əvvəl AK Partiya sədrinin iqtisadi məsələlərdən məsul müavini postunu tutub.






Fikirlər