“Onlar anladı ki, xalqın gücü ilə hesablaşmadan Naxçıvanın taleyini həll etmək olmaz...”

“Onlar anladı ki, xalqın gücü ilə hesablaşmadan Naxçıvanın taleyini həll etmək olmaz...”

“Osmanlı türk qoşunları Azərbaycan ərazisini tərk etməli olsa da, Naxçıvandakı türk hərbçiləri geyim formalarını dəyişərək yerli mülki əhaliyə qarışmışdı...”

“Xalq Cümhuriyyəti dövründə Naxçıvanda vəziyyət xeyli ziddiyyətli idi. Çünki I Cahan savaşında qalib gəlmiş dövlətlərin ali şurası, həmçinin Antanta blokuna daxil olan Böyük Britaniya, ABŞ və Fransa xüsusi qərar qəbul etmişdilər...1917-ci il dekabrın 17-də Parisdə bu üç dövlət nümayəndələrinin gizli görüşü olub və buna “Paris konvensiyası” da deyirlər. Həmin məxfi sənədə əsasən Cənubi Qafqaz  Britaniyanın nəzarətinə, təsir dairəsinə verilmişdi”. 
Bunu Moderator.az-a açıqlamasında “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvanda vəziyyət necə idi” sualını cavablandıran BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev söyləyib.
 
“Bir sözlə, Cənubi Qafqaz regionundakı, o cümlədən Azərbaycan və konkret Naxçıvan ərazisi ilə bağlı bütün məsələlərə Britaniya cavabdeh sayılırdı. Çünki artıq Osmanlı Türkiyəsi müharibədə məğlub olmaq üzrə idi. Və Qərbə də bəlli idi ki, Türkiyə tezliklə Cənubi Qafqazdan çıxarılacaq və oraya ingilislər daxil olacaq. Elə məhz bəhs edilən qərarla bağlı 1918-ci ilin noyabrında, bildiyiniz kimi, ingilis qoşunları Bakıya daxil oldu. Ondan sonra isə Parisdə Versal sarayında  I Dünya savaşından sonrakı vəziyyət, yəni dünyanın bölüşdürülməsinin başa çatması məsələləri müzakirə olunurdu. Parisdə Ə.Topçubaşovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də yollanmışdı. Ancaq Ermənistan nümayəndə heyəti bundan 8 ay öncə Fransa paytaxtına gəlmiş və həmin müddətdə apardıqları təbliğat və müzakirələr sayəsində Azərbaycan barədə mənfi rəy formalaşdıra bilmişdi.  Ermənistan nümayəndə heyəti öz qarşısına iki əsas vəzifə qoymuşdu. Birincisi, Naxçıvanın, ikincisi isə Qarabağın Ermənistana birləşdirilməsi...”- açıqlamasının davamında bunları söyləyən tarixçi alim ermənilərin təkidi ilə Qərb ölkələrinin Naxçıvana göndərdiyi 3 missiyadan da bəhs edib:
“Ermənilərin təbliğatı və təkidi nəticəsində 1919-cu ildə Qərb ölkələri tərəfindən Naxçıvana 3 dəfə missiya göndərilmişdi.  Birinci missiyaya İtaliya nümayəndələri rəhbərlik edirdi. Lakin bu missiya Naxçıvanda heç bir əhəmiyyətli iş görə bilmədi. İtalyanlar açıq etiraf etdi ki, region barəsində heç bir məlumata malik olmadıqları üçün oradakı məsələlərin həllinə hazır deyillər. Ona görə də Naxçıvana gələn ikinci missiya ingilislərdən ibarət oldu. 1919-cu ilin əvvəlində ingilis qoşunları Naxçıvanı tutdular və iyun ayında həmin ərazini də əhatə edən Araz Türk Respublikasını(1918, noyabr- 1919, iyun), eləcə də Naxçıvan Milli Komitəsini ləğv etdilər və nəticədə  Naxçıvanda ingilis general-qubernatorluğu yaratdılar. Həmin general-qubernatorluq Naxçıvan ərazisinin Azərbaycandan tamamilə qoparılaraq Naxçıvana inteqrasiya edilməsi üçün çox ciddi addımlar atırdı. Amma Parisdəki Azərbaycan nümayəndə heyəti bu prosesə qəti etirazını bildirdi və bununla bağlı ABŞ nümayəndə heyətinə, eləcə də prezident Vudro Vilsona yazılı məktubla müraciət edildi. Müraciətdə Naxçıvana daha ədalətli və obyektiv bir araşdırıcı missiya göndərilməsi xahiş edilirdi. Amerika tərəfi bununla razılaşdı və “Haskel missiyası” deyilən missiya göndərildi. Həmin missiya doğrudan da ədalətli oldu. Bu missiya Naxçıvan-Ermənistan sərhədində baş verənlər, Naxçıvanla Ermənistanın hansısa formada bir-biri ilə bağlı olub-olmaması və s. kimi məsələlərə obyektiv yanaşdı. Nəticədə amerikanlar birmənalı  şəkildə bildirdilər ki, Naxçıvanın Ermənistana birləşdirilməsi real görünməyən bir işdi. Çıxış yolu olaraq ya Naxçıvanda neytral bir ərazi olaraq beynəlxalq statuslu bir idarə sistemi tətbiq olunmalıdır, ya da Naxçıvanın milli, dini, mənəvi, mədəni, siyasi, iqitisadi cəhətdən tam bağlı olduğu Azərbaycana birləşdirilməlidir”
 
BDU-nun dosenti  1918-1919-cu illərdə Naxçıvan ərazisindəki soydaşlarımızın Osmanlı Türkiyəsinin dəstəyi ilə erməni təcavüzünə qarşı qəhrəman mübarizəsindən də danışıb:
“1918-ci ilin noyabrında beynəlxalq razılaşmaya əsasən Osmanlı türk qoşunları Azərbaycan ərazisini tərk etməli olsa da, Naxçıvanda qalmış türk hərbçiləri geyimlərini dəyişərək yerli mülki əhaliyə qarışmışdı. Onlar Naxçıvan torpaqlarının Ermənistana birləşməsinə qarşı mübarizə aparan soydaşlarımıza dəstək verirdilər. O zaman Naxçıvan Hüseyn Naxçıvanski, Cəfərqulu Naxçıvanski qardaşlarının başçılığıyla Naxçıvan Milli Müdafiə Komitəsi yarandı. Musa Kazım Qarabəkir Paşa da orada idi. O, Naxçıvanın aqibəti ilə bağlı Osmanlı Türkiyəsinin gizli tapşırıqlarını yerinə yetirirdi. Eyni zamanda özünümüdafiə qüvvələri mobil vəziyyətə gətirilmişdi. Və nəticədə Ermənistan tərəfindən olan hərbi müdaxilələrin qarşısı çox cəsarət və qətiyyətlə alınırdı. Bu mənada Naxçıvanın bir neçə kəndinə qəhrəman kənd adı vermək olardı. Onlardan  biri də Nehrəm kəndi idi... Bu minvalla Naxçıvan xalqı mülki paltar geymiş türk hərbiçilərin də dəstəyi ilə erməni təcavüzünün qarşısını ala bildilər. Bu, beynəlxalq güclərə də öz təsirini göstərdi. Yəni onlar anladılar ki, xalqın gücü ilə hesablaşmadan Naxçıvanın taleyini həll etmək, o cümlədən onu Ermənistana birləşdirmək olmaz”- deyə Ələmdar Şahverdiyev vurğulayıb.
 

 

Sultan Laçın






Fikirlər