İsrailli mütəxəssis- “Dronların Moskvaya qədər uçması Rusiya üçün əsl rəzalətdir”

Pilotsuz təyyarələrin Moskvaya gəlməsi özünü “böyük hava hücumundan müdafiə gücü” hesab edən ölkə üçün rüsvayçılıqdır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu fikir israilli hərbi ekspert Devid Şarp tərəfindən səslənib.

Onun sözlərinə görə, bu gün Ukrayna Moskvaya belə zərbə endirə biləcəyini sübuta yetirib və Rusiya Ukraynanın pilotsuz təyyarələrinin zərbələrindən müdafiə oluna bilməyəcək.

Şarpın fikrincə, PUA-lar bəzilərinin ifadə etdiyi kimi Rusiya daxilindən deyil, Ukrayna ərazisindən Moskvaya qədər gələ bilib. Rusiya hava hücumundan müdafiə sistemi PUA-lar tərəfindən gələ biləcək təhdidlərə qarşı aciz vəziyyətdə qalıb. “Rusiyanın hava hücumundan müdafiə sistemi belə pilotsuz təyyarələri aşkar edib məhv etmək üçün nəzərdə tutulmayıb. Bununla bərabər, dronların Moskvaya qədər gəlib çıxması kifayət qədər ciddi uğursuzluqdur”,-deyə ekspert qeyd edib.

İsrailli ekspertin fikrincə, əməliyyat bir neçə məqsədi daşıyıb: bu, ya Ukraynanın paytaxtında mülki hədəflərə davamlı hücumlara rəsmi Kiyevin cavabıdır, ya da Rusiya Federasiyasını resurslarının bir hissəsini paytaxtın müdafiəsinə yönəltməyə məcbur etməkdir.

Rusiya Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini İqor Romanenko da ölkəsinin hava hücumunda müdafiə sisteminin PUA-lara qarşı effektiv mübarizə apara bilməyəcəyini etiraf edib.. “Rusiya dünyanın ən böyük ərazisinə malikdir, ona görə də dronların qarşısını almaq üçün kifayət qədər resursu yoxdur, bunu sizə 60 illik təcrübəyə malik mütəxəssis kimi deyirəm”, – deyə Romanenko söyləyib.






Fikirlər