Paşinyanın ailəsi üçün gizli qərarla dəyəri 500 min dollardan çox olan 5 avtomobil ALINDI

Ermənistanın Baş nazirinin ailəsi üçün məxvi qərarla dəyəri 500 min dollardan çox olan 5 avtomobil alınıb.

 Bu barədə “Hraparak” qəzeti öz mənbələrinə istinadən yazır. Qəzet dövlət büdcəsinin dağıdıldığını sübut etməyə çalışıb.

“Ermənistanın Baş naziri Nikol Paşinyan üçün dövlət büdcəsindən dəyəri 500 min dollardan çox olan 5 yeni yolsuzluq avtomobili alınıb. Avtomobillər Paşinyan və ailəsinə xidmət etmək üçün alınıb.

Maşınlar Milli Təhlükəsizlik Xidmətinin məxfi qərarı ilə alınaraq saxlanması üçün Dövlət Təhlükəsizlik Xidmətinə təhvil verildiyi üçün məlumat dərc olunmayıb.

Baş nazir üçün 4 ədəd “Toyota Land Cruiser 300” alınıb, hər birinin qiyməti 100 min dollara yaxındır. Beşincisi, qiyməti 130-150 min dollar olan dizel mühərrikli lüks yolsuzluq avtomobili Lexus “LX500”-dür. “Lexus LX” Paşinyanın arvadına əməliyyat nömrələri ilə xidmət göstərəcək.

Hazırda Baş nazirin arvadına başqa bir lüks yolsuzluq avtomobili “Lexus GX460” da xidmət göstərir. Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti bu məlumatı nə təsdiq, nə də təkzib edib.

Qeyd edək ki, təxminən bir il əvvəl Paşinyan üçün təxminən 250 min dəyərində zirehli SUV “Lexus LX570″ və “Toyota Hiace” alınıb”, – deyə nəşr bildirib./KONKRET.az






Fikirlər