Zakir Həsənov: Düşmən xeyli sayda itki verib – FOTO + VİDEO

 

1438931279_zakirAzərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akarla görüşüb.
Türkiyəli qonaqlardan ibarət nümayəndə heyəti əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın, sonra Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını və Türk Şəhidliyini ziyarət edərək əklillər və gül dəstələri qoyublar.
Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himni səsləndirilib və protokola uyğun olaraq “Şərəf Kitabı” imzalanıb.
Azərbaycanın Müdafiə naziri ilə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi arasında əvvəl təkbətək, sonra isə geniş tərkibdə görüş keçirilib.
General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq ölkələrimiz arasında hərbi əməkdaşlığın ikitərəfli və NATO vasitəsilə həyata keçirilən sülhməramlı əməliyyatlar çərçivəsində aparıldığını, strateji tərəfdaşlığın daim inkişaf etdiyini, dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.
Müdafiə naziri bölgədəki hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistan ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə əsas təhlükə yaratdığını, qarşı tərəfin cəbhədə gərginliyi artırmaq cəhdlərini, Azərbaycan əsgərinin silahı gücünə döyüşlərdə düşmən tərəfinin xeyli sayda itki verməsini diqqətə çatdırıb.
Son illər həm Azərbaycanda, həm də Türkiyədə keçirilən birgə hərbi təlimlərin əhəmiyyətini qeyd edən nazir hər iki ölkənin prezidentlərinin dəstəyi ilə bu fəaliyyətlərin planlı surətdə davam etdirilməsinin və təlimlərin sayının artırılmasının vacibliyini xüsusi vurğulayıb.
“Hərbi təhsil sahəsində əldə edilən nailiyyətlər, təcrübə mübadiləsinin davamlı olması bizi çox sevindirir. Bu illər ərzində Türkiyənin hərbi məktəblərində 6000 nəfərdən çox Azərbaycan zabiti təhsil alıb və indi də qardaş ölkədə 200 nəfərədək hərbi qulluqçumuz müxtəlif ixtisaslar üzrə hazırlıq keçirlər. Bu, Silahlı Qüvvələrimizin möhkəmlənməsində böyük rol oynayır, onun inkişaf etməsinə təkan verən amillərdəndir”, – deyə general-polkovnik Z.Həsənov qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündən məmnunluq hissi ilə danışan ordu generalı H.Akar dövlətlərimizin əlaqələrinin qədim tarixi kökə, mehriban dostluq ənənələrinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu bildirib. “Hərbi əməkdaşlığımız inkişaf etməli, möhkəmlənməli və davamlı olmalıdır. Bu cür qarşılıqlı əməkdaşlıq və birliyimiz heç bir digər ölkəyə qarşı deyil, yalnız çətin və qaynar bölgələrdə yerləşən ölkələrimizin təhlükəsizliyinin təmin olunması məqsədini daşıyır”, – deyə H.Akar bildirib.
Sonra Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin perspektivləri, hərbi, hərbi texniki, hərbi təhsil sahəsində əməkdaşlıq imkanları, Yüksək Səviyyəli Hərbi Dialoq çərçivəsində fəaliyyətlərin genişləndirilməsi, birgə planların işlənilməsi, qarşılıqlı səfərlərin təşkili, o cümlədən maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Ali Baş Komandanın adından Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölkələrimiz arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə ordu generalı H.Akar Azərbaycan Respublikasının “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib.

 






Fikirlər