NARDARANDA ŞOK: HACI TALENİN EVİNDƏ ATIŞMA! – 4 polis qətlə yetirildi – VİDEO – YENİLƏNİR

 

d2abf0ca-c85a-4729-b2cd-f936a0f52427_292 Xəbər yenilənir, son yazılar əvvəldədir.

Bu gün Nardaranda baş vermiş silahlı insident nəticəsində dörd polis əməkdaşının həlak olduğu bildirilir.
APA-nın məlumatına görə, polisə müqavimət göstərən radikal qrupun Abbas adlı bir üzvü də öldürülüb.
Radikal qrupun üzvləri polisə qumbara atıb, sonra isə atəşə tutublar.
Atışma zamanı daha bir neçə nəfər yaralanıb.
Onların arasında polis əməkdaşları da var. 

* * * 

“Baş Prokurorluq DİN-lə bir yerdə Nardarandakı silahlı insidenti araşdırır”.

Bu barədə virtualaz.org saytına Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

E.Sultanovun sözlərinə görə, araşdırmanın nəticələri barədə ictimaiyyətə yaxın saatlarda məlumat veriləcək.

* * *
Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (BMCQMİ) əməkdaşları Bakının Nardaran qəsəbəsində əməliyyat keçirən polislərə dəstək verib.
“Report”un əldə etdiyi məlumata görə, BMCQMİ-nin əməkdaşları Nardarana polislərə atəş açıldıqdan sonra yollanıb.
BMCQMİ orada əməliyyata dəstək verib, bir neçə nəfər saxlanılıb.

 

* * * 

Nardaranda baş verən atışma ilə əlaqədar 3 saylı Klinik Xəstəxanaya 3 yaralı gətirilib. Bu barədə “Report”a xəstəxananın baş həkimi Fikrət Zeynalov məlumat verib.
Onun sözlərinə görə, yaralılar artıq əməliyyat olunub: “Onların vəziyyəti hazırda orta-ağır kimi qiymətləndirilir. Lakin yaralıların kimliyi hələlik müəyyən edilməyib. Yaralılar gənclərdir”.

* * *

Sabunçu Rayon Polis İdarəsindən Teleqraf.com-a bildiriblər ki, Nardaranda əməliyyatı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları keçirib. Əməliyyat zamanı baş verən silahlı insidentdə idarənin 2 əməkdaşı güllələnərək öldürülüb. 10-dan çox yaralı var. Yaralılar arasında Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəsi müavini Sadiq Heydərov da var. Əməliyyat zamanı çoxlu sayda silahlı şəxs həbs edilib. 

* * *

Hacı Tale Bağırzadənin tərəfdarlarının facebookda yaydıqları məlumata görə, əslində atışma bu din xadiminin evində namaz vaxtı baş verib.
Tale Bağırzadəni həbs etmək üçün polislər evə basqın edərkən onun tərəfdarları silah işlədib, bu zaman qarşılıqlı atışma olub.
Sosial şəbəkələrdə Tale Bağırzadənin evindən görüntülər də yayılıb. Kadrlardan görünür ki, evdə və həyətdə qan izləri var.
Bu gün ilahiyyatçı Tale Bağırzadədən sonra, İlahiyyatçı Zülfüqar Mikayılzadə də həbs olunub
Bu haqda İslamazeri.az-a məlumat daxil olunub. Məlumata görə, onu yaşadığı ünvandan polis naməlum istiqamətə aparıb. Hazırda həbs olunanların harada olduğu məlum deyil.

*   *   *14:36

Hadisə şahidlərinin femida.az-a verdiyi məlumata görə, atışma nəticəsində polis nəfəri yaralanıb. Bakının digər rayonlarının polis idarəsinin əməkdaşları da hadisə yerinə cəlb edilib.
Silahlı insident nəticəsində yaralanan polis əməkdaşı Sabunçu Rayonu Polis İdarəsi cinayət-axtarış şöbəsinin rəisi Sadiq Həsənovdur.
Hüquq-mühafizə orqanlarından “Turan”a bildiriblər ki, atışma Taleh Bağırzadənin saxlanılması zamanı baş verib. Əməliyyat zamanı Bağırzadənin tərəfdarlarından biri polislərə tərəf qumbara atıb, bundan sonra atışma baş verib.
Yaralılardan birinin bizimyol.info-ya verdiyi məlumata görə, avtomatla silahlanmış naməlum şəxs qarşısına çıxan insanlara atəş açmağa başlayıb. Hadisə bu gün təxminən saat 13:00 radələrində qeydə alınıb.

*   *   *14:23

3 saylı Klinik Xəstəxananın baş həkimi Fikrət Zeynalov virtualaz.org saytına bildirib ki, xəstəxanaya 3 yaralı daxil olub.
Baş həkimin sözlərinə görə, onların hər üçünün vəziyyəti ağırdır, odlu silahdan açılan atəşlə yaralanıblar. Yaralıların hamısı gənclərdir, onlardan birinin üzərində təcili əməliyyat aparılıb. Əməliyyat başa çatsa da yaralının vəziyyəti kritik olaraq qalır. Qalan iki yaralının üzərində cərrahiyyə əməliyyatı davam edir.

*   *   *14:11

Az əvvəl Bakının Nardaran qəsəbəsində atışma baş verdiyi barədə redaksiyamıza təcili məlumat daxil olub.
Virtualaz.org saytı hələlik məlumatı hüquq-mühafizə orqanlarından və kənd sakinlərindən dəqiqləşdirməyə çalışır. Bununla belə yaralıların və ölənlərin olduğu bildirilir.
Yaralılar Bakının 3 saylı Klinik Xəstəxanasına aparılıb. Xəstəxananın qəbul şöbəsindən məlumatı təsdiq ediblər, yaralıların gətirildiyini bildiriblər. Xəstəxananın reanimasiya şöbəsindən isə 2 nəfərin öldüyünü deyiblər. Lakin hadisənin motivləri barədə hər hansı məlumat verilmir.
İslamezeri.az saytı xəbər verir ki, atışma dindarların qəsəbədə həbsi əməliyyatı zamanı baş verib. İlahiyyatçı Taleh Bağırzadə və bir neçə dindar saxlanılaraq naməlum istiqamətə aparılıb. Hazırda Sabunçu Rayon Polis İdarəsinin qarşısında xeyli sayda polis qüvvələri, bir hərbi maşın, suvuran maşın, 5-6 PPX maşını var.
İnsidentin Nardaranda “Rəhimə xanım” ziyarətgahının yaxınlığında namaz vaxtı baş verdiyi bildirlir.
Əlavə məlumatlar veriləcək. Xəbər yenilənir. 

* * *
Bakıda xüsusi əməliyyat keçirilib.

APA-nın məlumatına görə, Bakının Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanları əməkdaşları müqavimətlə qarşılaşıblar. Nəticədə atışma olub. Baş verən atışma zamanı ölən və yaralananların olduğu bildirilir.
Əməliyyat zamanı bir neçə nəfər saxlanılıb.
Sabunçu rayon Polis İdarəsindən APA-ya əməliyyat keçirildiyini təsdiqləyiblər.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır, bu barədə ictimaiyyətə məlumat veriləcək.

 






Fikirlər