DEPUTAT DİM-i BURAXILIŞ İMTAHANLARINI TƏKRAR KEÇİRMƏYƏ ÇAĞIRDI - Abituriyentlər və valideynlər məhkəməyə müraciət edəcək

Milli Məclisin iclasında deputat Azər Badamov Dövlət İmtahan Mərkəzinin (DİM) buraxılış imtahanları üçün tərtib etdiyi sualların çətin olmasından danışıb.

Deputat qeyd edib ki, bəzi suallar ali məktəbə qəbul imtahanları səviyyəsində qoyulur.

"Təklif edirəm ki, buraxılış imtahanları yenidən keçirilsin və ya qiymətləndirmə sistemində fərqli yanaşma tətbiq edilsin”, - deyə A.Badamov əlavə edib.

Qeyd edək ki, bölgələr üzrə orta məktəblərin buraxılış imtahanlarının müxtəlif vaxtlarda ayrı-ayrı suallarla keçirilməsi ciddi narazılıqlara səbəb olub. Məsələ ondadır ki, bir bölgə üzrə suallar həddindən artıq asan, başqasında isə hətta pandemiyadan əvvəlki dövrlə müqayisədə daha ağır olub. 

Xüsusən də aprelin 30-da keçirilən buraxılış imtahanlardakı suallar əvvəlki imtahanlardakından qat-qat ağır olub. Əsasən də "Riyaziyyat" və "Azərbaycan dili" fənnləri üzrə suallar... Məsələn, aprelin 15-də keçirilən buraxılış imtahanlarindakı suallarla aprelin 30-da keçirilən imtahanlarda verilən sualları müqayisə etməklə bunu asanlıqla görmək olar.

Bəzi məlumatlara görə, bu suallar buraxılış imtahanları üçün deyil, "Riyaziyyat" və "Azərbaycan dili" üzrə biliklərin daha yüksək səviyyədə tələb olunduğu ixtisaslar üzrə qəbul imtahanlarında iştirak edəcək abituriyentlər üçün hazırlanıb. Ancaq səhvən aprelin 30-da keçirilən buraxılış imtahanında istifadə olunub... DİM isə səhvini etiraf etmək istəmədiyindən, problemin üzərini qurumun rəhbəri Məlyekə Abbaszadənin açıqlaması ilə qapatmağa çalışır.

Halbuki məsələ o qədər də sadə deyil. Suallarda kəskin fərq ədalətsiz, haqsız rəqabət mühiti formalaşdırıb, aprelin 30-da imtahan verən abuturiyentlərin xeyli bal itirməsinə səbəb olub. Buna görə də DİM-in borcudur ki, aprelin 30-dakı imtahanları təkrar keçirsin! 

Abituriyentlər və valideynlər aprelin 30-da təşkil edilən imtahanların təkrar keçirilməsinin zəruri olduğunu bildirirlər. Hətta "AzPolitika.info"nun məlumatına görə bununla bağlı bir qrup abituriyent və valideyn məhkəməyə müraciət etməyə hazırlaşır. 

 






Fikirlər